Ana səhifə
İnformasiya
Tarixçəmiz
Fəxrlərimiz
Şəhidlərimiz
Fotoguşə
Arzu-İstəklər
 
 
   
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın.
 
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! H. Əliyev
 
İmişli, Qısa tarixçə

Azərbaycan torpağı milli xalcalarımız kimi əlvan və rəngarəngdır. Hər guşəsinin öz gözəlliyi, öz ətri, öz rəng calarları var. Yayda dağların qarı seyrələndə, Aranda torpaq sac kimi qızır. Yaylaqda çiçəklər açanda, Muğan düzü təzə bişmiş təndir çörəyi ətri verir. 

Sözümüz Muğanla Milin qovuşduğu yerdən — Arazın hər iki sahilində qərar tutmuş İmişli torpağındandır (rayonun sahəsi 1826 km2, əhalisi 108.000 nəfərdir). Rayonun şimalında ləngər vura-vura Kür çayı, cənubunda isə Mil düzü ilə Muğanı ayıran, xalqımızın dərdinə şərik başı-bəlalı Araz çayı axır. Məhz İmişlidə Araz rahatlığa çıxmış kimi genişlənib, böyük bir sahəyə yayılır, kiçik adalar əmələ gətirir.
Araz sahili boyu bitən Toğay meşələri qədim və nadir ağaclarla zəngindir. Burada hətta dəmirağac belə bitir.


İmişli ərazisinin Muğan sahəsini İran Muğanından dövlət sərhədi ayırır. Rayon ərazisi düzənlik olduğundan müxtəlif dövrlərdə sərkərdələr, hökümdarlar bu yerlərdən düşərgə kimi istifadə ediblər. İmişli torpağı Manna, Urartu, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi qədim ölkələrin, xəzərlərin, farsların, ərəblərin, səlçuqların, monqolların, rusların, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Nadir şahın, Qacarın və onlarla fateh sərkərdələrin hücum və hakimiyyətinin şahidi olub. Tarixi sənədlərə əsasən, 1220-1221-ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı onlar məhz Muğanda, indiki İmişli şəhəri ərazisində məskan salmışlar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.

Azərbaycan Respulikası xəritəsində İmişli İnzibatı rayonu
Azərbaycan Respulikası xəritəsində İmişli inzibatı rayonu

Rayon ərazisində tarixi keçmişlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Arxeoloji qazıntılar zamanı tapılmış Kur-Araz mədəniyyətinə aid saxsı məişət əşylarının ən azından üç min ildən çox yaşı var. Bu isə Aran torpaqların hələ qədim zamanlardan yaşayış məskəni olduğundan xəbər verir.
Rayonun Bəcirəvan kəndi isə ərəb əsarətinə qarşı çıxış edib, kəndlilərin axırıncı damla qanlarına kimi döyüşüb və sonda cəsarətlərinə görə yer üzündən silinən bir kənddən — Bəcirdən yadigardır.

Rayon ərazisində həmçinin XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur. Lakin sözü gedən yerlərdə arxeoloji qazıntılar aparılmaması səbəbindən həmin abidələr barəsində ətraflı məlumat demək olar ki, yox dərəcəsindədir.

Müasir tariximizdə inkidi İmişli rayonunun ərazisi 1930-cu ilin avqust ayinda Qaradonlu kəndi mərkəz olmaqla Qaradonlu rayonu adlandırılıb. Rayon mərkəzi olana kimi isə Qaradonlu kəndi “uyezd” adlandırılıb və Salyan qəzasina tebe olub.

1938-ci ilin avqust ayında rayon mərkəzi Bakı-Nardaran dəmir yolunun Qaradonlu stansiyası yaxınlığında yerləşən İmişli kəndinə köçürüldü. Həmin vaxtdan etibarən Qaradonlu rayonunun adı dəyişdirilib İmişli rayonuna çevirildi. Hazırda İmişli rayonu Respublikanın ən abad və yaraşıqlı rayonlarından biri sayılır.

Qeyd edək ki, İmişli kəndi Qaradonlu stansiyasina yaxin kiçik bir kənd olub. Kəndin adının əmələ gəlmə səbəbləri hələdə tam olaraq müəyyənləşdirilməyib. Belə ki, bəzi fərziyələrə görə kənddə çoxlu yemiş tipli meyvələr bitdiyindən el arasında buralara ”Yemişli” deyərmişlər. Bəzi fərziyələrə görə isə kənddə qalayçılıq sənətinin yüksək inkişaf etdiyi üçün bu kəndin adı məhz ”Gümüşlü” olub. Sonradan bu sözdə deformasiyaya uğrayaraq İmişliyə çevrilib.

İmişli rayonu ərazisində ilk orta təhsilli məktəb 1906-ci ildə Qaradonlu kəndinin ərazisində açilmişdir. Qaradonlu kənd orta məktəbinin hazirki binasi isə 1922-23-cü illərdə tikilib istifadəyə verilib.

Rayon ərazisində ilk tibb ocağı 1913-cü ildə Çaxırlı kəndində baş vermiş taun xəstəliyinin kəndlilər arasında yayılması ilə əlaqədar Qaradonluda tikilmiş Tauna qarşi mübarizə stansiyasıdır. Yeni rayon mərkəzi olan İmişlidə ilk inzibati bina — “Qirmizi bina” 1937-1938-ci illərdə tikilib.

1906-cı ildə Rusiya çarının fərmanına əsasən Rusiya baş naziri Stolpinının apardığı aqrar islahatlar nəticəsində Qaradonluda ”Muğanstroy” qəsəbəsi tikildi. Muğanda o vaxt analoqu olmayan geniş suvarma şəbəkəsi quruldu. İslahatları bəhanə gətirən rus hakimiyyəti, tezliklə Qaradonlu ərazisinə Rusiyadan gətirilmiş rusları məskunlaşdırma siyasətinə başladı. Yeni rus kəndləri yaradıldı — İvanovka, Poltavka və s. Yerli camaat öz doğma torpaqlarında yad ellilər tərəfindən sıxışdırılmaya məruz qaldı.

İmişli İnzibati rayonun ətraflı xəritəsi
İmişli inzibati rayonun ətraflı xəritəsi

1951-1955-ci ildə tikilib istifadəyə verilmiş nəhəng Bəhrəmtəpə hidroqovşaği Milin və Muğanin suvarma sahəsindəki problemləri aradan qaldırdı, bölgədə kənd təssərüfatı məhsullarının surətli inkişafina səbəb oldu.

Sözü gedən Bəhrəptəpə su qovşağı gözəl bir tamaşadır. Beton bəndlər burada suyu zərgər incəliyi ilə kanallara ayırır. Mingəçevirdən başlayan Yuxarı Qarabağ kanalı da Bəhrəmtəpə qəsəbəsinə qədər gəlib sonda Araz sularına qarışır.

Ümumiyyətlə İmişlinin həyatı Arazla bağlıdır. Araz yaxınlığındakı qum-çınqıl karxanalarının məhsulları Azərbaycanın şəhər və rayonlarına daşınır. Demək olar ki, Respublikada ucalan bütün evlərin, binaların, çöllərdə uzanan beton kanalların 90%-ı bu karxananın məhsulundandır.

İmişli şəhərində sənayenin müxtəlif növləri, kənd təsərüfatı, elmi-tərəqqi yüksək səviyyədə inkişaf edib. Hələ qədim zamanlardan burada torpağı uca tutmaq, onu bara-bəhərə gətirmək əsl hünər göstəricisi olmuşdur. Elə yagin bu səbəbdən də, İmişlidə hörmətli peşələrdən biri meliorator peşəsi olub. Uzun illər boyu əkinə yararsız torpağı minillik duzlardan təmizləmək burada yaşayan insanların fədakarlığından xəbər verir. Fərəhləndirici haldır ki, qatlaşmış torpaq duzu ilə insan arasında gedən mübarizədə İmişli əməkçiləri qalib gəldi. Hal-hazırda Respublikada ən böyük suvarma şəbəkəsi və bərəkətli torpaqlarına malik olan İmişli rayonunda yenidən hər il yüzlərlə hektar yeni torpaqlar duzdan yuyulub, əkinə yararlı vəziyyətə salınır.

Torpağın yuyulması pambığın məhsuldarlığını da ikiqat yüksəltmişdir. Vaxtıilə Səməd Vurğun yazmışdı: Muğan Muğan olsa, biri üç eylər, Muğan tufan olsa, üçü heç eylər. Artıq Muğanın tufan eyləyən vaxtları keçib. Sonsuz su kanalları, yaraşıqlı tarla düşərgələri, bağ-baxçalar, meşə zolaqları — bu müasir İmişli rayonudur.

Hal-hazırda İmişli rayonunda 108.000 nəfər əhali yaşayır. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20%-ini işğala məruz qalıb) çixarılmış 50.000-ə yaxın məcburi koçkün yaşayır. Rayon əhalisinin 31.500 nəfərə yaxın İmişli şəhərində, 4.100 nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır. Rayonun 93.000 hektar əkinə yararlı torpaq sahəsi, 62.000 hektar otlaq sahəsi, 31.000 hektar suvarılan torpaq sahəsi ki, 29.000 hektar şum torpaq sahəsi vardır.

Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsi vardır. Rayonda 49 bələdiyyə fəaliyyət ğöstərir — İmişli şəhər, Bəhrəmtəpə qəsəbə və 47 kənd bələdiyyəsi 451 nəfər bələdiyyə üzvünü özündə birləşdirir.
 
 
 
© 2010, Imishli.com. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ana Səhifə | Ümumi informasiya | Tarixçəmiz | Fəxrlərimiz | Şəhidlərimiz | Fotoguşə | Arzu-İstəklər